[43:74]

Günahkarlar (kafirlər) isə, şübhəsiz ki, əbədi olaraq cəhənnəm əzabı içində qalacaqlar.

[43:75]

Onlardan (bu əzab) yüngülləşdirilməyəcəkdir; onlar orada əllərini hər şeydən üzmüş olacaqlar!

[43:76]

Biz onlara zülm etmədik, amma onlar özləri zalım idilər (öz-özlərinə zülm etdilər).

[43:77]

Onlar (Cəhənnəmin gözətçisi Malikə) müraciət edib deyəcəklər: "Ey Malik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq)! O isə (min ildən sonra onlara): "Siz (həmişəlik burada) qalacaqsınız!" - deyə cavab verəcəkdir!

[43:78]

(Allah Cəhənnəmdə olan Məkkə müşriklərinə buyuracaqdır: ) "Biz sizə haqqı gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı".

[43:79]

Yoxsa onlar (Peyğəmbərə hiylə qurmaqla) düzgün iş görmüşdülər?! Elə isə Biz də (onlara əzab verməklə) düzgün iş görürük!

[43:80]

Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz (onların bütün aşkar və gizli söhbətlərini) yazırlar!

[43:81]

(Ya Peyğəmbər!) De: "Əgər Rəhmanın bir övladı olsa, (ona) ibadət edənlərin birincisi mən olaram!

[43:82]

Göylərin və yerin Rəbbi, ərşin Rəbbi (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!"

[43:83]

(Ya Peyğəmbər!) Qoy onlar və'd olunduqları günə (qiyamət gününə) qovuşana qədər (bihudə işlərə) qurşanaraq (dünyada özləri üçün) oynayıb əylənsinlər!

[43:84]

Göydə də tanrı, yerdə də tanrı Odur. O, hikmət sahibidir, (hər şeyi) biləndir!

[43:85]

Göylərin və yerin, onların arasındakı hər şeyin ixtiyarı əlində olan (Allah) nə qədər ucadır (nə qədər uludur)! O saatı (qiyamətin nə vaxt qopacağını) bilmək Ona məxsusdur. Siz (öləndən sonra) Onun hüzuruna qaytarılıb gətiriləcəksiniz!

[43:86]

(Müşriklərin) Ondan qeyri ibadət etdikləri (Allah yanında heç bir kəs üçün) şəfaət edə bilməzlər. Ancaq haqqa şəhadət verənlər (dildə və ürəkdə "la ilahə illallah" deyənlər) müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər. (Məhz belələri Allahın izni ilə şəfaət edə bilmək şərəfinə nail olacaqlar).

[43:87]

And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: "Allah!" - deyə cavab verəcəklər! Elə isə (haqdan) necə döndərilirlər?

[43:88]

Onun (Muhəmməd əleyhissəlamın): "Ey Rəbbim! Bunlar iman gətirməyən bir qövmdür!" - deməsi də (dərgahımızda mə'lumdur)!

[43:89]

(Ya Peyğəmbər!) Onlardan üz çevir və (arada düşmənçilik, kin-küdurət olmasın deyə, rastlaşdıqda) "Salam!" de. Onlar (küfrləri üzündən başlarına nə gələcəyini) mütləq biləcəklər!