[44:19]

Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə (dediklərimin düzgünlüyünü sübut edən) açıq-aşkar bir dəlil gətirmişəm!"

[44:20]

(Onlar Musanı daşqalaq edəcəkləri ilə hədələdilər. Musa dedi: ) "Mən sizin məni daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha pənah aparıram!

[44:21]

Əgər mənə iman gətirməyəcəksinizsə, məndən uzaq olun!"

[44:22]

Sonra (Musa) Rəbbinə belə dua etdi: "Həqiqətən, bunlar günahkar bir qövmdür! (Pərvərdigara! Bunlara layiq olduqları cəzanı ver!)"

[44:23]

(Allah buyurdu: ) "Bəndələrimi (İsrail oğullarını) götürüb gecə ikən onlarla yola çıx. Siz (Fir'on və onun qövmü tərəfindən) tə'qib olunacaqsınız!

[44:24]

Dənizi də açıq (və sakit) burax! (Dəryanı - Nil çayını keçdikdən sonra əsanı suya vurub orada açılmış yolları bağlama. Qoy Fir'on və qoşunu dəryada yollar açıldığını görüb ora girsinlər). Onlar suya qərq olacaq əsgərlərdir!"

[44:25]

(Fir'onun bütün ə'yan-əşrafı və əsgərləri boğulub tələf oldular). Onlar (özlərindən sonra) neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;

[44:26]

Neçə-neçə əkinlər, gözəl yerlər (möhtəşəm qəsrlər).

[44:27]

Və zövq aldıqları neçə-neçə ne'mətlər (tərk etdilər).

[44:28]

(Onları) belə (cəzalandırdıq) və ona (onların sərvətlərinə, mülklərinə) başqalarını (İsrail oğullarını) varis etdik!

[44:29]

Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara (tövbə etməyə) imkan da verilmədi! (Əksinə, elə bu dünyada cəzalarına çatdılar; axirət əzabı isə daha şiddətli olacaqdır. Budur küfrün nəticəsi!)