[45:14]

(Ya Peyğəmbər!) İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı bir qövmün cəzasını (özü) versin deyə, Allahın (əzab) günlərindən qorxmayanları (əzab günlərinə, qiyamətə inanmadıqları üçün gözləməyənləri) bağışlasınlar! (Bu ayənin hökmü sonralar cihad haqqındakı ayə ilə ləğv edilmişdir).

[45:15]

Kim yaxşı bir iş görsə, xeyiri özünə, kim də bir pislik etsə, zərəri özünə olar! Sonra siz öz Rəbbinizə doğru qaytarılacaqsınız.

[45:16]

And olsun ki, Biz İsrail oğullarına Kitab, hikmət (Tövratda olmayan hökmlər, yaxud mübahisəli məsələləri ədalətlə həll etmək bacarığı) və peyğəmbərlik əta etmiş, onlara pak ne'mətlərdən ruzi vermiş və onları aləmlərə (zəmanələrindəki bəşər övladına) üstün etmişdik.

[45:17]

Onlara din işində (dini məsələlərdə və ya Muhəmməd əleyhissəlamın peyğəmbər göndəriləcəyi barədə) açıq-aşkar dəlillər vermişdik. Onlar yalnız (tövhid, dini əmrlərin büsbütün həqiqət olduğu haqda) özlərinə elm (qəti dəlillər) gəldikdən sonra aralarındakı həsəd (ədavət) üzündən (dində) ixtilafa düşdülər. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında hökm edəcəkdir!

[45:18]

Sonra (ya Rəsulum!) səni də dində şəriət sahibi (bir şəriət üzrə qaim) etdik. Sən ona (o şəriətə) tabe ol və (haqqı) bilməyənlərin nəfslərindən gələn istəklərə uyma! (Yoxsa özünü məhvə düçar edərsən! Peyğəmbər mə'sum olduğu üçün Muhəmməd əleyhissəlama göndərilən bu əmrlər əslində onun ümmətinə aiddir).

[45:19]

Şübhəsiz ki, onlar Allahdan gələcək bir şeyi (bəlanı, əzabı) səndən dəf edə bilməzlər. Zalımlar (kafirlər) bir-birinin dostudurlar, Allah isə müttəqilərin dostudur!

[45:20]

Bu (Qur'an) insanlar üçün bəsirət gözü, (axirətə) tam yəqinliklə inanan bir qövm üçün də hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!

[45:21]

Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər! (Dünyada naz-ne'mət içində yaşayan kafirlər: "Əgər qiyamət günü, axirət doğrudursa, Allah bizə orada da firavan həyat bəxş edəcəkdir!" - deyirlər. Xeyr, onların axirət həyatı çox pis olacaq, əzab içində keçəcəkdir. Dünyada aldıqları ləzzət, axirətdə burunlarından töküləcəkdir. Gözəl axirət həyatı yalnız dünyada Allah, din yolunda məşəqqətlərə dözmüş mö'minlərə məxsusdur).

[45:22]

Allah göyləri və yeri haqq-ədalətlə və hər kəsin qazandığı nə isə onun müqabilində əvəz (qarşılıq) görməsi üçün yaratmışdır. Və onlara heç bir haqsızlıq edilməyəcəkdir. (Yaxşı əməl sahibinə mükafat veriləcək, pislik edən də öz pisliyi müqabilində cəzalandırılacaqdır).