[45:23]

(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız? (Haqqı bildiyi halda küfr edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır. Cünki alimlə cahilin məs'uliyyəti eyni ola bilməz!)

[45:24]

(Qiyaməti inkar edənlər) belə deyirlər: "Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölürük və dirilirik (biri ölür, digəri anadan olur; biz ölürük, övladlarımız, nəslimiz isə yaşayır); bizi öldürən ancaq dəhrdir (zamanın gərdişi, ömür müddətidir; yaşa dolub qocalmağımızdır). Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar! (Hər şeyi zamanın, vaxtın boynuna yıxmaq doğru deyildir, çünki bütün canlı və cansız məxluqat kimi zamanın özünü də yaradan Allahdır).

[45:25]

(Qiyamətə dair) ayələrimiz onlara açıq-aşkar oxunduğu (söyləndiyi) zaman onların dəlili: "Əgər doğru deyirsinizsə, (vəfat etmiş) atalarımızı (dirildib) gətirin görək!" - deməkdən başqa bir şey deyildir.

[45:26]

(Ya Peğəmbər!) De: "Allah sizi dirildir, sonra öldürür. Sonra da sizi qiyamət günü (dirildib) bir yerə yığacaqdır. Ona (qiyamətə) heç bir şəkk-şübhə yoxdur, lakin insanların çoxu (qiyamətin haqq, təkrar dirilmənin ilkin yaradılışından çox asan olduğunu) bilməz!"

[45:27]

Göylərin və yerin hökmü ancaq Allahın əlindədir. Qiyamət qopacağı gün - məhz o gün batil danışanlar (Allaha iftira yaxanlar) ziyana uğrayacaqlar!

[45:28]

(Ya Peyğəmbər! O gün) hər ümməti diz çökmüş (yaxud bir yerə yığılmış) görəcəksən. Hər ümmət öz (əməl) dəftərinə tərəf çağırılacaqdır. (Onlara belə deyiləcəkdir: ) "Bu gün sizə (dünyada) etdiyiniz əməllərin əvəzi (mükafatı və ya cəzası) veriləcəkdir!

[45:29]

Bu Bizim kitabımızdır (sizin əməl dəftərinizdir). O sizin əleyhinizə haqqı deyər. Biz sizin etdiyiniz əməlləri (orada mələklərə bir-bir) yazdırmışıq!"

[45:30]

İman gətirib yaxşı əməl edənlərə gəldikdə, Rəbbi onları ?z mərhəmətinə (Cənnətə) qovuşduracaqdır. Bu, açıq-aşkar qurtuluşdur (uğurdur)! (Bundan yaxşısı ola bilməz!)

[45:31]

Kafir olanlara isə (belə deyiləcəkdir): "Məgər ayələrim (dünyada) sizə oxunmurdumu?! Amma siz (onlara qulaq asmağa, iman gətirməyə) təkəbbür göstərdiniz və günahkar bir tayfa oldunuz!

[45:32]

(Sizə: ) "Allahın (ölüləri dirildəcəyi barədəki) və'di haqdır və o saata (qiyamətin qopacağına) heç bir şəkk-şübhə yoxdur!" - deyildiyi zaman: "O saat nədir, bilmirik! Onun ancaq bir zənn (güman) olduğu qənaətindəyik. Biz (qiyamətin qopacağına) əmin deyilik!" - deyə cavab verdiniz.