[45:33]

(O gün dünyada etdikləri) pis əməllərinin cəzası onların gözünə görünəcək və istehza etdikləri (əzab) onları saracaqdır!

[45:34]

(Onlara belə) deyiləcəkdir: "Siz bu gününüzə qovuşacağınızı (dünyada) unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq (əbədi əzab içində buraxacağıq). Sizin məskəniniz Cəhənnəmdir. Sizə (Allahın əzabından qurtarmağa) kömək edənlər də olmayacaqdır!

[45:35]

Bu (əzab) ona görədir ki, siz Allahın ayələrini lağa qoyurdunuz; dünya həyatı sizi aldatmışdı!" Bu gün onlar (Cəhənnəmdən) çıxarılmayacaq və onlardan (Allahı razı salan) heç bir üzrxahlıq (tövbə də) qəbul olunmaycaqdır!

[45:36]

(Və'dinə sadiq qalaraq mö'min bəndələrinə verdiyi ne'mətlərə və kafirləri, azğınları düçar etdiyi əzaba görə) göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun!

[45:37]

Göylərdə və yerdə böyüklük (ululuq yalnız) Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

 

Al-Ahqâf

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[46:1]

Ha, Mim!

[46:2]

Kitabın (Qur'anın) nazil edilməsi yenilməz qüvvət sahibi, hikmət sahibi Allah tərəfindəndir!

[46:3]

Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və (qiyamət günü sona çatacaq) müəyyən bir müddət üçün yaratdıq. Kafirlərin qorxudulduqları şeylərdən (qiyamətdən, imana də'vət edən öyüd-nəsihətdən) üz döndərdilər.

[46:4]

(Ya Peyğəmbər! Bu müşriklərə) de: "Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və ona bənzər şeylərdən) nə yaratmışlar?! Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, (dediyinizi sübut etmək üçün) mənə bundan (bu Qur'andan) əvvəl (Allahdan sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki peyğəmbərlərdən, ümmətlərdən sizə gəlib çatmış) elmdən qalan bir şey (əsər) gətirin!

[46:5]

Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər!