[46:6]

İnsanlar məərə toplanacaqları zaman bunlar (bu bütlər) onlara (müşriklərə) düşmən olacaq və onların ibadətini inkar edəcəklər.

[46:7]

Ayələrimiz onlara açıq-aydın olaraq oxunduqda (və ya: açıq-aydın ayələrimiz onlara söylənildikdə) kafirlər özlərinə gələn (Qur'an) barəsində: "Bu, aşkar bir sehrdir!" - deyirlər.

[46:8]

Yoxsa onlar: "(Muhəmməd) onu (özündən) uydurmuşdur!" - deyirlər. (Ya Peyğəmbər!) De: "Əgər mən onu (özümdən) uydurmuşamsa, siz məni Allahdan (Allahın əzabından) qurtara bilməzsiniz. O sizin (Qur'an) barəsindəki dedi-qodularınızı daha yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. O, bağışlayandır, rəhm edəndir!"

[46:9]

De: "Mən peyğəmbərlərin birincisi deyiləm. (Rəbbimin) mənimlə və sizinlə nə edəcəyini bilmirəm (başqa peyğəmbərlər kimi şəhid olacağımı, ölkəmdən qovulacağımı, yaxud küfrə davam etdiyiniz təqdirdə sizə nə cəza veriləcəyini, hansı fəlakətlərə uğrayacağınızı deyə bilmərəm, çünki qeybi ancaq Allah bilir). Mən yalnız mənə vəhy olunana tabe oluram. Mən ancaq (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!"

[46:10]

De: "Bir deyin görək, əgər (bu Qur'an) Allah dərgahından olsa, siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid (Qur'anın həqiqiliyinə) onun özü kimisi (Tövrat) ilə şəhadət verib iman gətirsə və siz (yenə ona qarşı) təkəbbür göstərsəniz (zalım olmazsınızmı)? Allah zalımları doğru yola müvəffəq etməz!"

[46:11]

Kafir olanlar iman gətirənlər barəsində deyirlər: "Əgər (Qur'an, islam dini) yaxşı bir şey olsaydı, (mö'minlər) bu işdə bizdən qabağa düşə bilməzdilər (biz onlardan daha əvvəl) iman gətirərdik. Onlar (Qur'anla) doğru yola gəlmədikləri üçün: "Bu, köhnə yalandır!" - deyəcəklər.

[46:12]

Ondan (Qur'andan) əvvəl Musanın (İsrail oğullarına, mö'minlərə) rəhbər və mərhəmət olan kitabı (Tövrat) var idi. Bu (Qur'an özündən əvvəlki ilahi kitabları) ərəb dilində təsdiq edən, zalımları (Allahın əzabı ilə) qorxutmaq və yaxşı əməl sahiblərinə (Cənnətlə) müjdə vermək üçün olan bir Kitabdır!

[46:13]

Şübhəsiz: "Rəbbimiz Allahdır!" - deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər!

[46:14]

Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar!