[46:21]
(Ya Rəsulum!) Ad qövmünün qardaşını (Hudu) da
xatırla! Bir zaman o özündən əvvəl də, sonra da peyğəmbərlər gəlib-getmiş Əhqafda (yüksək qumsal təpələrdə) olan qövmünə belə demişdi:
"Allahdan başqasına ibadət etməyin. Mən böyük günün
(qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!"
[46:22]
Onlar: "Sən bizi tanrılarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə və'd etdiyini (əzabı) gətir görək!" - deyə cavab vermişdilər.
[46:23]
(Hud) demişdi: "(Əzabın nə vaxt gələcəyini) ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri (risaləti, Allahın əmrlərini) təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm
olduğunuzu görürəm!"
[46:24]
Onu (özlərinə və'd olunmuş əzabı) vadilərinə tərəf üz tutub gələn bir bulud (şəklində) gördükləri zaman: "Bu bizə
yağış yağdıracaq buluddur!" - dedilər. (Hud isə onlara belə dedi: ) "Xeyr, bu
sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!
[46:25]
O öz Rəbbinin əmri ilə hər şeyi məhv edər!" Onlar (ertəsi gün) səhər çağı elə bir vəziyyətə düşdülər ki, evlərindən başqa heç bir şey görünmədi
(hamısı məhv oldu). Biz günahkar qövmü belə cəzalandırırıq!
[46:26]
(Ey Məkkə əhli!) And olsun ki, Biz onlara verdiyimiz imkanı
(var-dövləti, qüdrəti) sizə verməmişdik. Biz onlara
qulaq, göz və qəlb vermişdik, lakin nə qulaqları, nə
gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Cünki onlar Allahın
ayələrini (bilə-bilə) inkar edirdilər. Onları istehza etdikləri (əzab) sardı.
[46:27]
And olsun ki, Biz sizin ətrafınızda olan məmləkətləri (Səmud, Lut tayfalarının yurdlarını) məhv etdik. Bəlkə, (haqqa, imana)
qayıdalar deyə, ayələri onlara cürbəcür şəkildə bəyan etdik (təkrar-təkrar göstərdik).
[46:28]
Bəs nə üçün Allahı qoyub (Ona) yaxınlaşmaq məqsədilə tanrı qəbul etdikləri (bütlər) onlara kömək etmədi? Əksinə, (o tanrılar) onlardan
uzaqlaşıb qeyb oldular. Bu,
(Allaha yaxınlaşmaq məqsədilə bütlərə sitayiş etmək) onların öz
yalanları və öz
uydurmalarıdır.