[47:12]

Allah iman gətirib yaxşı əməllər edənləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Kafirlər isə (dünyada) səfa sürər, heyvan kimi yeyib-içərlər. (?ləndən sonra) cəhənnəm odu onların məskəni olacaqdır!

[47:13]

(Ya Peyğəmbər! Qövmünün) səni çıxartdığı şəhərdən (şəhər əhlindən) daha qüvvətli neçə-neçə şəhərlər (şəhər əhli) var idi ki, Biz onları məhv etdik və özlərinə bir kömək edən də tapılmadı!

[47:14]

Məgər Rəbbindən bir dəlilə olan (dəlilə istinad edən) kimsə pis əməli özünə yaxşı göstərilən kimsə kimidirmi?! Belələri öz nəfslərinə uymuşlar.

[47:15]

Müttəqilərə və'd olunan Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən (qoxumayan) sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən (günahlardan) bağışlanma gözləyir. (Məgər bu cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!

[47:16]

(Ya Peyğəmbər!) Onların (kafirlərin) içərisində elələri də vardır ki, səni dinləyər, sənin yanından çıxıb gedən kimi elm verilmiş kimsələrdən (səhabədən istehza ilə): "(Muhəmməd) bu saat nə dedi?!" - deyə soruşarlar. Onlar Allahın ürəklərinə möhür vurduğu və öz nəfslərinə uymuş kimsələrdir!

[47:17]

Doğru yolu tapanlara gəldikdə isə, (Allah) onların doğruluğunu daha da artırar və onlara təqvalarının (mö'minliklərinin, Allahdan qorxub pis əməllərdən çəkinmələrinin) mükafatını verər!

[47:18]

Onlar (kafirlər) ancaq o saatın (qiyamət saatının) qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. (Qiyamət saatı) onlara gəlib yetişdiyi zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?!

[47:19]

(Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. (Ondan) həm öz günahlarının, həm də mö'min kişilərin və qadınların bağışlanmasını dilə. Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir! (Sizin gündüzlər-gecələr dünyada nə işlə məşğul olduğunuz, axirətdə harada olacağınız Allaha mə'lumdur. Ondan heç nə gizli qalmaz!)