[47:20]

Mö'minlər: "Kaş (cihad barəsində) bir surə nazil olaydı!" - deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, (ya Rəsulum!) qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün! Amma onlara daha çox yaraşardı -

[47:21]

İtaət etmək və gözəl bir söz demək (sənin əmrini dinməz-söyləməz yerinə yetirmək). İş qətiləşdiyi (onlara cihad vacib olduğu) zaman Allaha (verdikləri və'də) sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı!

[47:22]

Əgər (Muhəmməd əleyhissəlamdan) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (Cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?!

[47:23]

Onlar (münafiqlər, fitnə-fəsad törədənlər) Allahın lə'nət etdiyi (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir!

[47:24]

Onlar Qur'an barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? (Yoxsa ürəklərinin öz kilidləri vardır?)

[47:25]

Doğru yol özlərinə bəlli olduqdan sonra (dindən) dönənlərə Şeytan (bu dönüklüyü) xoş göstərdi və onları tovlayıb yoldan azdırdı (və ya: bu dönüklüyün müqabilində Allah onları zəlalətə saldı).

[47:26]

Bu onların Allahın nazil etdiyini (cihad əmrini) bəyənməyənlərə (münafiqlərə): "Biz bə'zi işlərdə (Allahın və Muhəmməd əleyhissəlamın əmrlərini yerinə yetirməməkdə) sizə itaət edəcəyik!" - demələrinə görədir. Allah onların (bütün) sirlərini (gizli danışıqlarını) bilir!

[47:27]

Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq?

[47:28]

Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə (Şeytana itaət etməyə) uymaları və (Allaha) xoş gedən şeyi (kafirlərlə vuruşmağı) bəyənmədiklərinə görədir. Elə buna görə də (Allah) onların əməllərini puç etdi.

[47:29]

Yoxsa qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-küdurətlərini zahirə çıxartmayacaqdır?!