[3:10]

Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında (axirətdə) heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar!

[3:11]

Bunların adəti Fir'on camaatının və onlardan əvvəl gələnlərin adətinə bənzəyir! Onlar Bizim ayələrimizi təkzib etdilər. Allah da onları günahlarına görə cəzalandırdı. Allahın əzabı şiddətlidir!

[3:12]

(Ya Rəsulum!) Kafir olanlara de: "Siz (tezliklə) məğlub olacaq və Cəhənnəmə sürüklənəcəksiniz!" (Cəhənnəm) necə də pis yerdir!

[3:13]

(Ey Məkkə müşrikləri və yəhudilər!) İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. (Mö'minlər üç yüz on üç nəfər, kafirlər isə təqribən min nəfər idilər). (Mö'minlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. (Yaxud kafirlər mö'minləri iki özləri qədər, yə'ni təxminən iki min nəfər və ya onların olduqlarından iki dəfə artıq, yə'ni altı yüzdən bir qədər çox görürdülər). Əlbəttə, Allah istədiyinə ?z köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu (Bədr əhvalatı) bəsirət sahiblərindən (gözüaçıq, ayıq adamlardan) ötrü bir ibrət dərsidir.

[3:14]

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.

[3:15]

(Ya Rəsulum!) Söylə: "Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada (hər cür eyibdən) pak olan zövcələr və (ən böyük ne'mət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir!