[49:12]
Ey iman gətirənlər! Cox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bə'zisi (heç bir əsası olmayan
zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş
qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!
[49:13]
Ey insanlar! Biz sizi bir kişi
və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli
olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.
[49:14]
(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: "Biz iman gətirdik!" - dedilər. (Ya Peyğəmbər! Onlara) de: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: "Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!" - deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə e'tiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir
şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
[49:15]
Mö'minlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları
və canları ilə
vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq
olanlardır!
[49:16]
(Ya Peyğəmbər! Bu bədəvilərə) de: "Siz dininizi (həqiqi müsəlman olduğunuzu)
Allahamı öyrədirsiniz?" Halbuki Allah göylərdə və yerdə nə varsa,
(hamısını) bilir. Allah hər şeyi biləndir!
[49:17]
Onlar islamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: "Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər (iman gətirdiyinizi) doğru
deyirsinizsə, (bilin ki) sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət qoymuş
olur!"
[49:18]
Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir.
Allah sizin nə etdiklərinizi görəndir!