Qâf
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[50:1]
Qaf! (Ya Peyğəmbər!) Şanlı Qur'ana
and olsun (ki, Məkkə müşrikləri sənə iman gətirmədilər)!
[50:2]
Bəli! ?zlərindən (Onları Allahın əzabı ilə) qorxudan bir
peyğəmbər gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər:" Bu əcaba bir şeydir! (İnsandan da peyğəmbər olarmı?! Ancaq mələk peyğəmbər ola bilər!)
[50:3]
Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, (həqiqətən) uzaq (qeyri-mümkün) bir qayıdışdır!"
[50:4]
Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onların tədriclə necə çürüdüb məhv etdiyini) bilirik. Dərgahımızda
(hər şeyi) hifz edən bir Kitab (lövhi-məhfuz) vardır!
[50:5]
Lakin onlara haqq (Qur'an)
gəldikdə onu yalan saydılar.
İndi onlar dolaşıqlıq
(təşvış) içindədirlər (sənə gah şair, gah sehrbaz,
gah da kahin deyirlər).
[50:6]
Məgər onlar başlarının üstündəki göyə baxıb onu
necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir
yarıq olmadığını görmürlərmi?!
[50:7]
Eləcə də yeri necə döşədiyimizi (hamarlayıb düzəltdiyimizi), orada möhkəm duran dağlar
yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi
görmürlərmi?!
[50:8]
(Bütün bunlar Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik.
[50:9]
Biz göydən bərəkətli su endirdik, sonra onunla
bağlar və (arpa, buğda və s. kimi) biçilən taxıl dənələri yetişdirdik.
[50:10]
Həm də tumurcuqları (salxım-salxım) bir-birinin üstünə düzülmüş, hündür xurma
ağacları (bitirdik) -
[50:11]
Bəndələrə ruzi olsun deyə! Biz onunla (o su ilə) ölü bir məmləkəti cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir!
[50:12]
Onlardan (Məkkə müşriklərindən) əvvəl Nuh tayfası, Rəss əhli, Səmud (qövmü
peyğəmbərləri) təkzib etmişdi.
[50:13]
Ad (qövmü), Fir'on (əhli), Lut qardaşları;
[50:14]
Əykə əhli və Tübbə' qövmü - bunların hamısı peyğəmbərləri təkzib etdi və Mənim də onlara və'd etdiyim (əzab) gerçəkləşdi.
[50:15]
Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr!
(Eləcə də qiyamət günü ölüləri diriltməkdən aciz
qalmayacağıq!) Onlar yeni
yaradılış (təkrar dirilmə) barəsində şəkk-şübhə içindədirlər!