[52:15]

(Vəhyə, Qur'ana sehr dediyiniz kimi) bu da sehrdir, yoxsa (gözünüz qapanıb onun həqiqət olduğunu) görmürsünüz?

[52:16]

Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir (həmişəlik Cəhənnəmdə qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!"

[52:17]

Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və ne'mətlər içində olacaqlar.

[52:18]

Rəbbinin onlara əta etdiyi ne'mətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur.

[52:19]

(Onlara belə deyiləcəkdir: ) "(Dünyada) etdiyiniz yaxşı əməllərin müqabilində nuşcanlıqla yeyin-için;

[52:20]

Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!" Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.

[52:21]

İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur!

[52:22]

Onları istədikləri meyvə və ətlə (bol-bol) tə'min edəcəyik.

[52:23]

Onlar orada bir-birinəərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha təhrik vardır.

[52:24]

Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar.

[52:25]

Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar.

[52:26]

Və (söhbət əsnasında) belə deyəcəklər: "Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq.

[52:27]

Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu.

[52:28]

Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (və'dinə sadiq) kərəm sahibidir, rəhm edəndir!"

[52:29]

Elə isə (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin ne'məti (nübüvvət və islam dini) sayəsində nə kahinsən, nə də divanə!

[52:30]

Yoxsa onlar (sənin barəndə): "(O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində) onun başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik!" - deyirlər.

[52:31]

De: "Gözləyin, mən də sizinlə birlikdə (sizin başınıza gələcək müsibəti) gözlələyənlərdənəm!"