[52:32]

Yoxsa onların puç ağılları bunu (bu cür batil sözləri deməyi) onlara əmr edir? Xeyr, onlar azğın bir qövmdürlər.

[52:33]

Yoxsa onlar: "Onu (Qur'anı) özündən uydurdun!" - deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri və inadları üzündən) iman gətirmirlər.

[52:34]

Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Qur'an) kimi bir kəlam gətirsinlər!

[52:35]

Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?!

[52:36]

Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar!

[52:37]

Yoxsa (ya Peyğəmbər) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar hakimdirlər?!

[52:38]

Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər!

[52:39]

Yoxsa qızlar Onun (Allahın), oğlanlar isə sizindir?!

[52:40]

Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat) istəyirsən və onlar ağır borc yükü altındadırlar?!

[52:41]

Yoxsa onlar qeybi bilir və (orada olanı) yazırlar?! (Qiyamətin, axirət həyatının olmadığını oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə edirlər?)

[52:42]

Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər!

[52:43]

Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır!

[52:44]

Əgər onlar göyün bir parçasının (başlarına) düşdüyünü görsələr: "Bulud topasıdır!" - deyərlər (özlərinə əzab gəldiyinə inanmazlar).

[52:45]

Elə isə (dəətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et!

[52:46]

O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır.

[52:47]

Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz!

[52:48]

(Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!

[52:49]

Gecənin bir vaxtında nə ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı) da Allahı təqdis edib şə'ninə tə'riflər de! (Gün ərzində vacib və əlavə namazları qıl!)