[57:19]

Allaha və peyğəmbərinə iman gətirənlər - məhz onlar öz Rəbbi dərgahında olan siddiqlər (özündə-sözündə doğru olanlar) və şəhidlərdir. Onların (qiyamət günü) öz mükafatları və (qıl körpüsü üstündə onlara yol göstərəcək) öz nurları vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar cəhənnəmlikdirlər.

[57:20]

(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir.

[57:21]

(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir!

[57:22]

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!

[57:23]

Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!

[57:24]

O kəslər ki, həm özləri xəsislik edər, həm də xalqa xəsis olmağı əmr edərlər. Kim (Allahın əmrlərindən, öyüd-nəsihətindən) üz döndərsə (ancaq özünə zərər edər). Həqiqətən, Allah ehtiyacsızdır, şükrə (və tə'rifə) layiqdir! (Onun bütün əməlləri bəyəniləndir!)