Al-Mujâdilah
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[58:1]
(Ya Peyğəmbər!) Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin
danışığınızı eşidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!
[58:2]
Sizdən öz
qadınları ilə zihar edən kimsələrin zövcələri (əslində) onların anaları
deyillər. Onların anaları ancaq özlərini doğan
qadınlardır. Onlar, əlbəttə, pis və yalan söz
danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir,
bağışlayandır.
[58:3]
Qadınları ilə zihar (qanuni nikahlarını özlərinə haram) edib, sonra sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad etməlidirlər. Bu sizə (zihar barəsində) verilən öyüddür.
Allah nə etdiklərinizdən xəbərdardır!
[58:4]
Kim (azad etməyə bir kölə) tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər oruc tutmalı, buna da
gücü çatmasa, altmış yoxsulu yedirdib
doydurmalıdır. Bu sizin Allah və Onun Peyğəmbərinə iman gətirməniz üçündür. Bunlar Allahın hədləridir (onları aşmaq olmaz). Kafirləri şiddətli bir əzab gözləyir!
[58:5]
Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlar,
özlərindən əvvəlkilər nə cür rüsvay olmuşlarsa, o
cür rüsvay olacaqlar. Biz artıq (Muhəmməd əleyhissəlamın
haqlı olmasını sübut
edən) açıq-aşkar ayələr nazil etdik. Kafirləri alçaldıcı bir
əzab gözləyir!
[58:6]
Allah onların
hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah (onların əməllərini bir-bir) sayıb yazmış, onlar isə (etdiklərini) unutmuşlar. Allah hər bir şeyə şahiddir!