[58:7]

(Ya Peyğəmbər!) Məgər görmürsənmi ki, Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Odur. Onlar bundan az da, çox da olsalar və harada olsalar, (Allah) yenə də onların yanındadır. Sonra qiyamət günü (Allah) onlara etdikləri əməlləri (bir-bir) xəbər verəcəkdir. Allah hər şeyi biləndir!

[58:8]

(Ya Peyğəmbər!) Məgər məxfi danışmaq qadağan edildikdən sonra yenə də qadağan olunduqları əmələ qayıdıb günah, ədavət və Peyğəmbərin əleyhinə çıxmaq barədə öz aralarında pıçıldaşanları (münafiqlərlə yəhudiləri) görmədinmi? Onlar yanına gəldikləri zaman səni Allahın salamladığı kimi salamlamır ("əssəlamu əleykə" əvəzinə "əsammu əleykə - sənə ölüm olsun!" - deyərək guya salam verir) və ürəklərində: "(Əgər Məhəmməd həqiqi peyğəmbərdirsə) bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar etmir?" - deyirlər. Onlara girib yanacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis qayıdış yeridir!

[58:9]

Ey iman gətirənlər! Bir-birinizlə xəlvət danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərin əleyhinə çıxmaq barədə danışmayın; yaxşı işlər, Allahdan qorxmaq barədə danışın və (qiyamət günü) hüzuruna toplanacağınız Allahdan qorxun!

[58:10]

Şübhəsiz ki, (bir yerə yığışıb günaha, düşmənçiliyə bais olan) məxfi danışma (pıçıldaşma) iman gətirənləri mə'yus edib kədərləndirmək üçün olan Şeytan əməlindəndir. Halbuki Allahın izni olmadıqca (Şeytan) onlara heç bir zərər yetirə bilməz. Mö'minlər yalnız Allaha təvəkkül etsinlər!

[58:11]

Ey iman gətirənlər! Sizə: "Məclislərdə (mö'min qardaşlarınıza) yer verin!" - deyildiyi zaman (onlara) yer verin ki, Allah da sizə (Cənnətdə) geniş yer versin. Eləcə də sizə: "Qalxın!" deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır!