Al-Mumtahanah
Mərhəmətli, rəhmli Allahın
adı ilə!
[60:1]
Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Qur'anı, Muhəmməd əleyhissəlamı) inkar etdikləri halda, siz
onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz olan
Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq
uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın).
Siz onlarla gizlində dostluq
edirsiniz (dostluq üzündən onlara sirr
verirsiniz). Mən sizin gizli
saxladığınız və aşkar
etdiyiniz hər şeyi (bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə (düşmənlərlə dostluq edib onlara sirr
versə), o, şübhəsiz ki, haqq
yoldan azmışdır!
[60:2]
Əgər onlar (müşriklər) sizi ələ keçirsələr (sizə qələbə çalsalar), sizə düşmən olar, sizə pisliklə əl və dil uzadar, sizin kafir
olmanızı istəyərlər.
[60:3]
Nə (xatirinə Allaha və Peyğəmbərinə xəyanət etdiyiniz Məkkədəki) qohum-əqrabanız, nə də oğul-uşağınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən
ayıracaqdır. Allah nə etdiklərinizi görəndir!
[60:4]
İbrahim və onunla birlikdə olanlar
(mö'minlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan
başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin
aranızda həmişə ədavət və nifrət olacaqdır!" Ancaq
İbrahim öz atasına: "Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim bacardığım
yalnız budur)!" - deməsi
istisnadır (bunda sizin üçün örnək yoxdur). (Onlar həmçinin belə demişdilər: ) "Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq.
Axır dönüş də ancaq Sənin hüzurunadır.
[60:5]
Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq
vasitəsi etmə! (Bizi kafirlərin əli ilə sınağa çəkmə, onları bizim üstümüzdə hakim etmə!) Bizi
bağışla. Ey Rəbbimiz! Həqiqətən, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən!"