[61:6]

Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!" Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar mö'cüzələr gətirdikdə onlar: "Bu, açıq-aydın sehrdir!" - dedilər.

[61:7]

İslama də'vət olunduğu halda, Allaha qarşı yalan uydurandan (Onun peyğəmbərinə sehrbaz deyəndən) daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz!

[61:8]

Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır.

[61:9]

Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün ?z Peyğəmbərini hidayət (Qur'an) və haqq dinlə göndərən Odur!

[61:10]

Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin?

[61:11]

(O qazanc yolu budur: ) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

[61:12]

(Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu, böyük qurtuluşdur (uğurdur)!

[61:13]

(Sizi hələ) sevdiyiniz başqa bir şey (bir ne'mət) də - Allah dərgahından kömək və yaxın qələbə (Məkkənin fəthi) gözləyir. (Ya Peyğəmbər!) Mö'minlərə (dünyada zəfərlə, axirətdə Cənnətlə) müjdə ver!

[61:14]

Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: "Allah yolunda mənim köməkçilərim kimdir?" - demiş, həvarilər də: "Allahın köməkçiləri bizik!" - deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.