[63:5]
Onlara: "Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin
bağışlanmağınızı diləsin!"-deyildiyi zaman (istehza ilə) başlarını bulayar və sən (Ya Rəsulum!) onların təkəbbürlə üz çevirdiklərini görərsən.
[63:6]
Sən onların
bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!
[63:7]
Onlar: "Allahın
Peyğəmbəri yanında olanlara bir şey verməyin ki,
dağılıb getsinlər!" - deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur, lakin münafiqlər (bunu)
anlamazlar.
[63:8]
Onlar: "Əgər biz (Bəni Müstəliq
vuruşunda) Mədinəyə qayıtsaq, ən güclülər (ən şərəflilər - münafiqlər) ən zəifləri (ən həqirləri - Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!" - deyirlər. Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və mö'minlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!
[63:9]
Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən
yayındırmasın! Hər kəs bunu etsə (Allahı
yada salmasa), belələri əsl ziyana uğrayanlardır.
[63:10]
Birinizin ölümü
çatıb: "Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! - deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin.
[63:11]
Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!