[68:16]

Biz (tezliklə) onun burnuna damğa basacağıq!

[68:17]

Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da (Məkkə mürşiklərini də) imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda (onun meyvələrini) mütləq dərəcəklərinə and içmişdilər.

[68:18]

Və heç bir istisna yeri də qoymamışdılar (inşallah deməmişdilər).

[68:19]

Onlar yuxuda ikən (ya Peyğəmbər!) sənin Rəbbindən o bağa bir bəla gəldi.

[68:20]

Və o (yanıb) qapqara qaraldı (külə döndü).

[68:21]

Onlar səhər qalxıb bir-birini belə səslədilər:

[68:22]

Əgər (məhsul) yığacaqsınızsa, bağınıza tez gedin!"

[68:23]

Nəhayət, yola düşdülər, (yol boyu) bir-birinə xəlvətcə belə deyirdilər:

[68:24]

(Elə edin ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!

[68:25]

Onlar (yoxsulları) bağa buraxmağa qadir olacaqlarını güman edərək erkən getdilər. [Və ya: Onlar gücləri yetdiyi halda (yoxsulları) yardımdan məhrum etməkdən ötrü sübh tezdən yola düzəldilər]

[68:26]

(Bağı) bu vəziyyətdə (yanıb külə dönmüş) gördükdə dedilər: "Yəqin ki, (yolumuzu) azmışıq!

[68:27]

Xeyr, biz (bağımızın bərəkətindən) məhrum olmuşuq!"

[68:28]

Onların ən ağıllısı (və insaflısı) dedi: "Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!"

[68:29]

Onlar: "Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!" - dedilər.

[68:30]

Onlar bir-birini danlamağa başladılar.

[68:31]

Və dedilər: "Vay halımıza! Biz azğınlıq (tüğyan) edirdik.

[68:32]

Ola bilsin ki, Rəbbimiz (tövbəmizi qəbul buyurub) onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən (bizi bağışlamasını, bizə mərhəmət əta etməsini) diləyirik!"

[68:33]

(Dünyadakı) əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər!

[68:34]

Həqiqətən, Allahdan qorxub pis əməllərdən çəkinənləri Rəbbi yanında Nəim cənnətləti gözləyir!

[68:35]

Məgər Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq?!

[68:36]

(Ey kafirlər! Siz dünyada yoxsul mö'minlərdən var-dövlətcə üstün olduğunuz kimi, axirətdə də onlardan üstün olacağınızı, yaxud ən azı onlarla eyni olacağınızı iddia edirsiniz). Sizə nə olub, necə mühakimə yürüdürsünüz?

[68:37]

Yoxsa (Allahdan nazil olmuş) bir kitabınız vardır ki, (bunları) orada oxuyursunuz?!

[68:38]

Yaxud orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı yazılmışdır?!

[68:39]

Və ya hökm edib istədiklərinizin sizin olacağınıza dair Bizdən qiyamət gününədək davam edəcək əhd almısınız?!

[68:40]

(Ya Peyğəmbər!) Onlardan soruş ki, hansı biri buna zamindir?

[68:41]

Yoxsa onların (axirətdə müsəlmanlardan üstün və ya onlarla eyni olacaqları barədəki iddialarını təsdiq edən) şərikləri vardır?! Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər!

[68:42]

İş çətinləşəcəyi (baldırlar açılacağı,lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, qiyamət bütün dəəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) də'vət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar.