[3:53]

(Həvarilər dedilər: ) "Ey Rəbbimiz, (bizə) nazil etdiyinə (İncilə) iman gətirdik və peyğəmbərinə (İsaya) tabe olduq. Artıq bizləri (haqqa) şahid olanlarla bir yerdə yaz!"

[3:54]

Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə (İsanı göyə qaldırıb münafiqlərdən birini isə İsa surətdində onlara öldürtməklə) əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir).

[3:55]

O vaxt Allah buyurdu: "Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib ?z dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm!

[3:56]

Kafirlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaqdır!"

[3:57]

İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!

[3:58]

(Ya Rəsulum!) Bunları ayələrdən və himətlə dolu olan zikrdən (Qur'andan Cəbrail vasitəsilə) sənə söyləyirik.

[3:59]

Allah yanında İsa da (İsanın atasız dünyaya gəlmiş də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: "(Bəşər) ol!" - dedi, o da oldu.

[3:60]

(Ya Rəsulum!) Şübhəsiz ki, (bunlar) sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma!

[3:61]

(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (mə'lumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lə'nət etməsini diləyək!"