[72:14]

Şübhəsiz ki, aramızda (Allaha və Onun Peyğəmbəri Muhəmməd əleyhissəlama iman gətirən) müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır.

[72:15]

(Haqq yoldan) çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar (orada yandırılacaqlar)"

[72:16]

(Sonra mənə belə vəhy olundu: ) Əgər onlar (Məkkə müşrikləri) o yolda (islam dinində) doğru olsaydılar, Biz onlara (yeddi il davam edən quraqlıq və qıtlıq əsnasında) bol yağış verərdik ki,

[72:17]

Onları bununla (bu ne'mətlə) imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz çevirsə, (Allah) onu məşəqqətli bir əzaba düçar edər.

[72:18]

Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!

[72:19]

Allahın bəndəsi (Muhəmməd əleyhissəlam) Ona ibadət etmək (namaz qılmaq) üçün qalxdıqda (cinlər) az qalmışdı ki, onun ətrafında keçə kimi bir-birinə keçsinlər (izdihamın çoxluğundan bir-birinin üstünə minsinlər).

[72:20]

(Ya Peyğəmbər!) De: "Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik qoşmuram!"

[72:21]

De: "Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm! (Bunu ancaq aləmlərin Rəbbi olan Allah edə bilər!)"

[72:22]

De: "Məni Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm!

[72:23]

(Mənim əlimdən) Allah dərgahından olanı və Onun göndərdiklərini (Qur'anı və dini hökmləri) təbliğ etməkdən başqa (heç bir şey gəlməz). Allah və Onun Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!"

[72:24]

Onlar təhdid olunduqlarını (qiyamətdəki, və ya Bədr vuruşundakı əzabı) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.

[72:25]

De: "Mən sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət tə'yin edəcəyini bilmirəm!

[72:26]

Qeybi bilən ancaq Odur və ?z qeybini heç kəsə əyan etməz;

[72:27]

Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir mö'cüzə olaraq vəhy yolu ilə qeybdən bə'zi xəbərlər bildirər). Allah onların önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar ki,

[72:28]

(Peyğəmbərlərinin) öz Rəbbinin göndərdiklərini (nə cür) təbliğ etdiyini bilsin (bəlli etsin). (Allah) onlarda olanların hamısını (peyğəmbərlərin əhvalatını və bütün əməllərini ?z elmi ilə) ehtiva etmişdir. O, hər şeyi bir-bir sayıb yazmışdır (təsbit etmişdir)!"