[76:6]
O (kafur) elə bir çeşmədir ki,
Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə) asanlıqla axıdacaqlar.
[76:7]
Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü
(etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qoxarlar.
[76:8]
Onlar öz
iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını
qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
[76:9]
(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik.
Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.
[76:10]
Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!"
[76:11]
Allah da onları o
günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir).
[76:12]
Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır.
[76:13]
Onlar orada (o cənnətlərdə) taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər.
[76:14]
(Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər).
[76:15]
(Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar.
[76:16]
Gümüşdən olan (çox şəffaf olduğu üçün bayırından içərisi görünən) elə billur (qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə
etmişlər.
[76:17]
Orada onlara zəncəfil qatılmış
(zəncəfil dadı verən cənnət şərabı ilə dolu) badə də içirdiləcəkdir.
[76:18]
(Zəncəfil) orada (Cənnətdə) bir çeşmədir ki, (suyu boğazdan çox rahat keçdiyi üçün) Səlsəbil adlanır.
[76:19]
Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə, sanki (ətrafa) səpilmiş inci
olduqlarını zənn edərsən.
[76:20]
(Orada) hara baxsan, ne'mət və böyük bir mülk görərsən.
[76:21]
(Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik
və qalın ipəkdən) yaşıl
libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak
bir şərab içirdəcəkdir.
[76:22]
(Onlara belə deyiləcəkdir: ) "Bu sizin (dünyada
etdiyiniz yaxşı əməllərə görə) mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur (təqdirəlayiqdir)!"
[76:23]
(Ya Peyğəmbər!) Həqiqətən, Biz Qur'anı sənə tədriclə (ayə-ayə, surə-surə) nazil etdik.
[76:24]
Elə isə Rəbbinin hökmünə səbr et və onlardan (Məkkə müşriklərindən) günahkar və nankor
olana boyun əymə!
[76:25]
Səhər-axşam Rəbbinin adını zikr
et! (Səhər, günorta və ikindi namazlarını qıl!)