[83:7]

Xeyr! Şübhəsiz ki, pis əməllərə uyanların (kafirlərin) əməl dəftəri (şeytanların əməllərinin yazıldığı və ya Cəhənnəmin ən alt təbəqəsi olan) Siccindədir!

[83:8]

Sən nə bilirsən (haradan bilirsən) ki, Siccin nədir?! (Və ya: Siccin nədir, bilirsənmi?)

[83:9]

O, yazılı bir kitabdır!

[83:10]

O gün vay halına yalan sayanların!

[83:11]

O kəslər ki, haqq-hesab gününü yalan sayarlar.

[83:12]

Bunu isə ancaq həddini aşan, günaha batan yalan sayar.

[83:13]

Ayələrimiz ona oxunduğu zaman: "(Bunlar) qədimlərin əfsanələridir (uydurmalarıdır!)" - deyər.

[83:14]

Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.

[83:15]

Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!

[83:16]

Sonra Cəhənnəmə varid qalacaqlar.

[83:17]

Sonra da onlara: "Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!" deyiləcəkdir.

[83:18]

Xeyr! (Mö'minlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl və itaət sahibi olan mö'minlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı və ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!

[83:19]

Sən nə bilirsən (haradan bilirsən) ki, İlliyyun nədir?!

[83:20]

O, yazılı bir kitabdır.

[83:21]

Onu ancaq (Allaha) yaxın olan mələklər görə bilər!

[83:22]

Həqiqətən, yaxşı əməl və itaət sahibi olan mö'minlər Nəim cənnətlərində olacaqlar.

[83:23]

Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi ne'mətlərə) tamaşa edəcəklər.

[83:24]

Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!

[83:25]

Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhiq) içirdiləcəkdir.

[83:26]

Onun (içində rəhiq olan qabın) möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!

[83:27]

Ona təsnim (suyu) qatılmışdır.

[83:28]

O (təsnim) elə bir çeşmədir ki, ondan (təmiz halda) yalnız (Allaha) yaxın olanlar içər (qalanlara isə o rəhiq şərabına qatılıb verirlər).

[83:29]

Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər.

[83:30]

(Mö'minlərin) yanlarından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər.

[83:31]

Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar.

[83:32]

Onlar (mö'minləri) gördükdə: "Doğrusu, bunlar (haqq yoldan) azanlardır!" - deyirdilər.

[83:33]

Halbuki onlara (mö'minlərə) nəzarətçi göndərilməmişdir.

[83:34]

Bu gün isə mö'minlər kafirlərə güləcəklər.