[89:24]

O: "Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!" - deyəcəkdir.

[89:25]

O gün (Allahın) etdiyi əzabı heç kəs edə bilməz!

[89:26]

(Günahkarları) heç kəs Onun kimi zəncirləyə bilməz!

[89:27]

(Qiyamət günü Allah-təala mö'min kimsəyə belə buyuracaqdır: ) "Ey (öz imanından, əməlindən və Allahın və'dindən) xatircəm olan kəs! (Və ya: "Ey arxayın nəfs!")

[89:28]

Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!

[89:29]

(Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol!

[89:30]

(Onlarla birlikdə) Cənnətimə varid ol!"

 

Al-Balad

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[90:1]

And içirəm bu şəhərə (Məkkəyə) -

[90:2]

Sənin yaşadığın (sənə halal olan) şəhərə;

[90:3]

And içirəm ataya və onun övladına (Adəmə və onun nəslinə, yaxud İbrahimə və oğlu İsmailə) ki,

[90:4]

Biz insanı məşəqqətdə yaratdıq! (İnsan doğulduğu gündən qəbir evinə gedənə qədər əzab-əziyyət içində çalışıb çabalayır, həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu, ilahı bir hikmətdir, həyatın qanunudur!)

[90:5]

Məgər insan (Vəlid bin əl-Müğirə) heç kəsin ona gücü çatmayacağını zənn edir?

[90:6]

Və: Mən (Peyğəmbərlə düşmənçilik yolunda) xeyli mal-dövlət sərf etmişəm!" - deyir?

[90:7]

Məgər o heç kəsin onu görmədiyini güman edir?!

[90:8]

Məgər Biz ona iki göz vermədikmi?!

[90:9]

Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?!

[90:10]

Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?!

[90:11]

Lakin o, əqəbəni (maneəni) keçə bilmədi (özünə verilən bu qədər ne'mətlərə şükür etmədi).

[90:12]

(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, əqəbə nədir?!

[90:13]

(O) bir kölə azad etməkdir;

[90:14]

Yaxud aclıq günü (zamanı) yemək verməkdir -

[90:15]

Qohumluq əlaqəsi çatan bir yetimə.

[90:16]

Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə!

[90:17]

Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!

[90:18]

Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!)

[90:19]

Ayələrimzi inkar edənlər isə sol tərəf sahibləridir! (Əməl dəftərləri sol əllərinə verilənlərdir!)

[90:20]

Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir! (Kafirlər Cəhənnəmdə həmişəlik qalar, oradan heç yerə çıxa bilməzlər!)