Al-Qadr

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[97:1]

Həqiqətən, Biz onu (Qur'anı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!

[97:2]

(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!

[97:3]

Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).

[97:4]

O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.

[97:5]

O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)

 

Al-Bayyinah

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[98:1]

Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər.

[98:2]

(Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir (Muhəmməd əleyhissəlamdır).

[98:3]

O səhifələrdə doğru-dürüst hökmlər vardır.

[98:4]

Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Qur'an) gəldikdən sonra (dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi, kimisi də şəkk-şübhə içində qaldı).

[98:5]

Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!

[98:6]

Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər.

[98:7]

İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.