Al-Kâfirûn

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[109:1]

(Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək - deyən müşriklərə) de: "Ey kafirlər!

[109:2]

Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!

[109:3]

Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!

[109:4]

Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!

[109:5]

Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!

[109:6]

Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!"

 

An-Nasr

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[110:1]

(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman;

[110:2]

İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman

[110:3]

Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, "Sübhanəkə Allahümmə və bihəmdikə" kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!

 

Al-Masad

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[111:1]

Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Və ya: Əbu Ləhəbin əlləri qurusun, o ölsün!)

[111:2]

(Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya: oğul-uşağı).

[111:3]

O, alovlu atəşə girəcəkdir.

[111:4]

Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin!

[111:5]

Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın uzunluğunda zəncir) olacaqdır!