Al-Ikhlâs

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[112:1]

(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: "(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);

[112:2]

Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)

[112:3]

O, nə doğmuş, nə də doğulmuşdur! (Allah ?zünə heç bir övlad götürməmişdir!)

[112:4]

Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!"

 

Al-Falaq

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[113:1]

(Ya Peyğəmbər!) De: "Pənah aparıram sübhün Rəbbinə!

[113:2]

Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;

[113:3]

Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;

[113:4]

(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;

[113:5]

Və bir də paxıllığı tutanda paxılın şərindən!"

 

An-Nâs

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[114:1]

(Ya Peyğəmbər!) De: "Pənah aparıram insanların Rəbbinə;

[114:2]

İnsanların ixtiyar sahibinə;

[114:3]

İnsanların tanrısına;

[114:4]

Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-

[114:5]

O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,

[114:6]

(O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]"