[3:84]

(Ya Rəsulum!) Söylə: "Biz Allaha, bizə nazil olana (Qur'ana), İbrahimə, İsmailə, İshaqa, Yə'quba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Allaha) təslim oluruq!"

[3:85]

Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!

[3:86]

İman gətirdikdən, Rəsulun (Muhəmməd əleyhis-səlatu vəs-səlamın) haqq olduğuna (Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalımlar dəstəsini haqq yola yönəltməz!

[3:87]

Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lə'nətinə düçar olmaqdır!

[3:88]

Onlar bu lə'nət içərisində əbədi olaraq qalacaqlar. Əzabları əskilmədiyi kimi, onlara (mərhəmət nəzəri ilə də) baxılmayacaqdır!

[3:89]

Yalnız bundan sonra tövbə edərək düzələn şəxslər (bağışlanarlar). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!

[3:90]

İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran şəxslərin tövbələri əsla qəbul olunmaz. (Doğru yoldan) azanlar məhz onlardır!

[3:91]

Şübhəsiz ki, kafir olub kafir kimi ölənlərdən hər birinin dünya dolusu qızılı ola və (əzabdan qurtarmaq üçün) onu fidyə verə, yenə də qəbul olunmaz. Onları dəətli bir əzab gözləyir. Onlara (cəhənnəm odundan xilas olmaqdan) heç bir kömək edən olmaz!