[3:101]

Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allaha (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir.

[3:102]

Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!

[3:103]

Hamılıqla Allahın ipinə (dininə, Qur'ana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi ne'mətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun ne'məti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah ?z ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!

[3:104]

(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.

[3:105]

(Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.

[3:106]

Bə'zi üzlərin ağ, bə'zi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara olanlara: "İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!" - deyiləcəkdir.

[3:107]

Uzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada (Cənnətdə) həmişəlik qalacaqlar!

[3:108]

Budur Allahın ayələri! Biz onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə (bəşər əhlinə) zülm etmək istəməz.