[3:109]
Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Bütün işlər axırda
Allaha qayıdacaqdır!
[3:110]
(Ey müsəlmanlar!) Siz insanlar üçün
ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha
inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bə'zi iman gətirən şəxslər vardır, lakin
çox hissəsi haqq yoldan
çıxanlardır.
[3:111]
Onlar (yəhudilər) sizə (dil ilə) əziyyət verməkdən başqa bir zərər yetirməzlər. Əgər sizinlə savaşacaq
olsalar, dönüb qaçarlar. Sonra isə onlara kömək edən də olmaz.
[3:112]
Onlara (yəhudilərə), harada olursa olsunlar, zillət damğası vurulmuşdur. (Onlar bu zillətdən) yalnız Allahdan olan bir ipə və insanlardan olan bir ipə sarınmaqla (islamı qəbul etməklə, yaxud öz dinlərində qalıb müsəlmanlara cizyə verməklə) xilas ola bilərlər. Onlar Allahın qəzəbinə düçar olmuş, onlara
miskinlik damğası vurulmuşdur. Bunun səbəbi odur ki, onlar
Allahın ayələrini inkar etmiş,
peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar Allaha
qarşı üsyan etmiş və həddi aşmışlar.
[3:113]
Onların
hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar.
[3:114]
Onlar Allaha, axirət gününə inanır,
(insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.
[3:115]
Onların
yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz
(mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!