[3:116]

Əlbəttə, kafir olan şəxslərin nə malları, nə də övladları onları Allahdan (Allahın əzabından) əsla qurtara bilməyəcək. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.

[3:117]

Onların bu dünyada sərf etdikləri şey, özünə zülm edən bir qövmün əkinlərini məhv edən soyuq bir küləyə bənzər. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər.

[3:118]

Ey iman gətirənlər! ?zündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik.

[3:119]

Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: "Biz də inandıq", - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. (Ya Rəsulum!) De: "Acığınızdan ölün!" Əlbəttə, Allah ürəklərdə olanları biləndir.

[3:120]

Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir.

[3:121]

(Ya Rəsulum!) Sən müharibədən ötrü mö'minlərə (əlverişli) mövqelər hazırlamaq üçün sübh vaxtı öz ailəndən ayrılıb (Mədinədən Uhüdə) getdiyin vaxtı (yadına sal)! Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!