[3:133]
Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.
[3:134]
O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını
yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların
günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.
[3:135]
O müttəqilər ki, bir günah iş
gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada
salıb (tövbə edərək) günahlarının
bağışlanmasını istəyərlər. Axı günahları
Allahdan başqa kim bağışlaya bilər? Və
onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir
daha ona qayıtmazlar.
[3:136]
Onların
mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə
gözəldir!
[3:137]
(Ey Müsəlmanlar!) Sizdən
əvvəl
bir çox vaqilər (ibrətli əfvalatlar)
olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!
[3:138]
Bu,
(belə əfvalatlar) insanlardan
(xalqdan) ötrü (olub keçənlərə dair) bir xəbər, müttəqilərdən ötrü isə hidayət (doğru
yola göstəriş) və nəsihətdir.
[3:139]
(Uhüd
müharibəsində baş vermiş bə'zi hadisələrə görə) ruhdan
düşməyin və qəmgin olmayın.
Halbuki, əgər mö'minsinizsə, siz (Allah
yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!
[3:140]
Əgər siz (Uhüd müharibəsində) yara aldınızsa, o
biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri
(bu hadisələri) insanlar
arasında növbə ilə dəyişdiririk
ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!