[2:38]

Biz (onlara) dedik: "Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar".

[2:39]

Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada (atəş içində) əbədi qalacaqlar.

[2:40]

Ey İsrail oğulları! Sizə bəxş etdiyim ne'mətimi xatırlayın, (Tövratda axirüzzəman peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi Cənnətə varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!

[2:41]

Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qur'ana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi (Tövratdakı hökmlərimi) ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun!

[2:42]

Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin!

[2:43]

(Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!

[2:44]

Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?

[2:45]

(Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir.

[2:46]

Belə kimsələr Rəbbinin mərhəmətinə qovuşacaqlarını və axırda Onun hüzuruna qayıdacaqlarını bilirlər.

[2:47]

Ey İsrail övladı! Sizə bəxş etdiyim ne'mətimi və sizi (vaxtilə əcdadınızı) bütün aləmlərdən (başqa insanlardan) üstün tutduğumu yadınıza salın!

[2:48]

Qorxun o gündən ki, (Allahın izni və köməyi olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmasın, heç kəsdən (günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə (əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək göstərilə bilməsin!