[3:174]
Sonra da Allahın ne'məti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını
qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir.
[3:175]
Sizi yalnız o
Şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla)
qorxudub çəkindirir. Amma siz onlardan
qorxmayın! Əgər mö'minsinizsə, Məndən qorxun!
[3:176]
Küfrə can atanlar səni kədərləndirməsin! Əlbəttə, onlar Allaha heç bir zərər yetirə bilməzlər, Allah da istər ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir əzab gözləyir!
[3:177]
Həqiqətən, imanı verib, əvəzində küfrü satın alanlar Allaha heç bir zərər verə bilməzlər. Lakin onlar çox acı
bir əzaba düçar olacaqlar!
[3:178]
Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları
üçündür. Onlar alçaldıcı
bir əzab görəcəklər!
[3:179]
Allah pisi
yaxşıdan (münafiqi mö'mindən) ayırmaq üçün mö'minləri sizin (indi)
olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah
öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bə'zi şeylər bildirər). Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat
gözləyir!
[3:180]
Allah tərəfindən bəxş olunmuş
mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü
boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası
Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!