[3:181]
Allah kasıbdır,
biz isə dövlətliyik! - deyənlərin sözlərini Allah, əlbəttə, eşitdi. (Ya Rəsulum!) Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə
öldürdüklərini (mələklər vasitəsilə əməl dəftərlərinə) yazacaq və (qiyamət günü) onlara:
"Dadın atəşin əzabını!"
- deyəcəyik.
[3:182]
Bu əzab sizin öz əllərinizlə törətdiyiniz əməllərə görədir, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!
[3:183]
Allah (Tövratda) bizə əmr etmişdir ki, onun
yandıracağı (yeyəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq! - deyənlərə belə cavab ver: "Məndən əvvəl də sizə peyğəmbərlər açıq-aşkar mö'cüzələr və dediklərinizi (dediyiniz
qurbanları) gətirmişdilər. Əgər doğru
danışırsınızsa, bəs nə üçün onları
öldürdünüz?"
[3:184]
(Ya Rəsulum!) Əgər onlar səni yalançı sayarlarsa (heç də qəmgin olma)! Cünki səndən əvvəl açıq mö'cüzələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərləri də yalançı
saymışdılar.
[3:185]
Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına
çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən (əyləncədən) başqa bir şey
deyildir.
[3:186]
Əlbəttə, siz malınız və
canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik
qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan
qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir.