[3:195]
Rəbbi də onların dualarını qəbul edərək cavab verdi:
"İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram.
Siz (hamınız) bir-birinizdənsiniz (dində
kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların,
vuruşanların və
öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!"
[3:196]
(Ya Rəsulum!) küfr edənlərin diyar-diyar gəzib
dolaşması (ticarətdən, əkinçilikdən mənfəət əldə edərək xoş güzəran keçirməsi) səni aldatmasın!
[3:197]
Bu, (axirət ne'mətləri ilə müqayisədə) azacıq bir mənfəətdir. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yataqdır!
[3:198]
Lakin öz Rəbbindən qorxanları
(ağacları) altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah
qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan ne'mətlər yaxşı əməl sahibləri üçün daha
xeyirlidir.
[3:199]
Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar
Allaha, həm sizə, həm də özlərinə nazil olanlara (Qur'ana,
Tövrata və İncilə) inanır, Allaha boyun
əyərək Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında
mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir.
[3:200]
Ey iman gətirənlər! (Dində vacib olan
hökmləri yerinə yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbr edin, (Allahın düşmənlərinə qələbə çalmaq uğrundakı müharibə və döyüşlərdə sizə üz verən müsibət və çətinliklərə) dözün, (sərhəd boyu növbədə durub cihada) hazır
olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!