[2:49]
(Ey İsrail
oğulları! Yadınıza gətirin o vaxtı ki) Fir'on əhli sizə
(babalarınıza) ən ağır işgəncələr verdikləri, oğlan
uşaqlarınızı boğazlayıb,
qadınlarınızı (kəniz etmək məqsədilə) sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik. Bunlarda
(sizdən ötrü) Rəbbiniz tərəfindən böyük bir imtahan var
idi.
[2:50]
(Yadınıza
salın ki) Biz sizdən ötrü dənizi yarıb sizə nicat verdik və Fir'onun
adamlarını siz baxa-baxa suda qərq etdik.
[2:51]
(Bir daha) xatirənizə gətirin ki, Biz Musaya (Tur dağında vəhy üçün) qırx gecəlik və'də vermişdik. (O, Tur dağına gedəndən) sonra siz buzovu
özünüzə (tanrı) qəbul etdiniz və (bu hərəkətinizlə Alladan başqasına ibadət etməklə) zalım
oldunuz (özünüzə zülm etdiniz).
[2:52]
Sonra da (tövbə etdiyinizə görə) sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz.
[2:53]
(Yadınıza
salın!) Biz Musaya kitab (Tövrat) və (haqq ilə batili
bir-birindən fərqləndirən) Furqan verdik ki, bəlkə, siz doğru yola
yönələsiniz.
[2:54]
O vaxtı da
xatırlayın ki, Musa öz qövmünə: "Ey qövmüm, siz
buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin,
özünüzü (buzovu tanrı bilən
adamlarınızı) öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir! "- demişdi
və Allah da tövbənizi qəbul etmişdi.
Əlbəttə, O, tövbələri qəbul edəndir,
bağışlayandır.
[2:55]
(Və yadınıza salın ki) siz: "Ya Musa, Allahı
aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq",- dediyiniz zaman gözünüz görə- görə sizi ildırım vurmuşdu.
[2:56]
Bəlkə, şükür edəsiniz deyə, biz sizi ölümünüzdən sonra yenidən diriltdik.
[2:57]
(Yadınıza
salın ki, Tih səhrasında
yaşadığınız zaman) üstünüzə buludla kölgə saldıq və: "Ruzi olaraq
verdiyimiz halal şeylərdən yeyin!" (deyərək) sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar (əcdadınız) isə (itaətdən boyun qaçırmaqla) Bizə deyil, ancaq
özlərinə zülm etmiş oldular.