[4:15]
Qadınlarınızdan
zina edənlərə qarşı öz
aranızdan (mö'minlərdən) dörd şahid tutun! Əgər onlar (bu işə) şəhadət verərlərsə, həmin qadınları
ölənə qədər, yaxud Allah onlar üçün
bir yol açanadək evlərdə həbs edin!
[4:16]
İçərinizdən belə qəbih iş görənlərin hər ikisinə əziyyət verin. Əgər tövbə edib özlərini düzəltsələr, onları incitməkdən vaz keçin! Əlbəttə, Allah tövbələri qəbul edəndir, (bəndələrini) bağışlayandır!
[4:17]
Allah yanında
yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
[4:18]
Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" -deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!
[4:19]
Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl
(Allahın buyurduğu kimi) rəftar
edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir
şeydə Allah (sizdən ötrü) çoxlu xeyir
nəzərdə tutmuş olsun.