[4:52]

Onlar Allahın lə'nət etdiyi kimsələrdir. Allahın lə'nət etdiyi kimsəyə isə heç bir kömək edən tapa bilməzsən!

[4:53]

Yoxsa onların (dünyada) hökmranlıqdan bir payı vardır? Əgər elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir tumurcuğunu (zərrəsini) belə verməzdilər.

[4:54]

Yoxsa onlar Allahın öz ne'mətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk (hökmranlıq) bəxş etmişdik.

[4:55]

Onlardan (yəhudilərdən) kimisi ona (İbrahimə, yaxud Muhəmmədə və ya ilahi kitaba) iman gətirdi, kimisi də ondan üz döndərdi. (Uz döndərənlərə) Cəhənnəmin alovlanmış odu kifayət edər!

[4:56]

Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah yenilməz qüvvət, hikmət sahibidir!

[4:57]

İman gətirən və yaxşı işlər görən şəxsləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları daim rahatlıq verən sıx (ləzzətli) kölgəlikdə yerləşdirəcəyik.

[4:58]

Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!

[4:59]

Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə e'tibarilə daha yaxşıdır.