[4:60]
(Ya Rəsulum!) Sənə nazil edilənə (Qur'ana) və səndən əvvəl nazil edilənlərə
(Tövrata, İncilə)
iman gətirdiklərini iddia edənləri (münafiqləri)
görmürsənmi? Onlar Tağutun (Şeytanın) hüzurunda mühakimə olunmaq (Şeytanın məhkəməsinə
müraciət etmək) istəyirlər. Halbuki
onlara (Şeytana) inanmamaları
əmr olunmuşdur.
Şeytan isə onları (doğru
yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər
[4:61]
Onlara: "Allahın
nazil etdiyinə (Qur'ana) və Peyğəmbərə tərəf gəlin!" - deyildiyi
zaman, münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən.
[4:62]
Bəs etdikləri əməllərin cəzası olaraq başlarına bir müsibət gəldiyi zaman (onların halı) necə olacaq? Sonra onlar sənin yanına gəlib: "Biz yalnız yaxşılıq etmək və (iddiaçılar
arasında) barışıq yaratmaq istədik", - deyərək Allaha and içəcəklər.
[4:63]
Onlar elə şəxslərdir ki, Allah onların ürələrindəkini (yaxşı) bilir.
(Ya Rəsulum!) Sən onlardan üz çevir, onlara öyüd ver və onlara özləri haqqında
tə'sirli söz de!
[4:64]
Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə
zülm etdikləri zaman dərhal sənin
yanına gəlib Allahdan
bağışlanmaq diləsəydilər və Peyğəmbər
də onlar üçün əfv istəsəydi,
əlbəttə, Allahın tövbələri
qəbul edən, mərhəmətli olduğunu bilərdilər.
[4:65]
Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz
aralarında baş verən ixtilaflarda səni hakim (münsif) tə'yin etməyincə və
verdiyi hökmlərə görə özlərində
bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə)
iman gətirmiş olmazlar.