[2:58]

Xatırlayın ki, (Tih səhrasından çıxandan sonra ) sizə: "Bu kəndə girin, bəyəndiyiniz yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin və buranın qapısından (Allaha) səcdə edən halda "hittə!" ("bizi bağışla!") söyləyərək daxil olun, Biz də günahlarınızı bağışlarıq. Biz yaxşı əməl edənlərin savabını (mükafatını) artıracağıq", -demişdik.

[2:59]

(?zlərinə) zülm edənlər onlara deyilən (əmr olunan) sözü başqası ilə dəyişdirdilər ("bizi bağışla" mə'nasında işlədilən "hittə" sözünə gülərək onu "buğda" mə'nasında olan "hintə" sözü ilə əvəz etdilər). Biz də o zalımlara etdikləri haqsızlığa görə göydən şiddətli əzab göndərdik.

[2:60]

Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: "Əsanı daşa vur!" -dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. (Sonra onlara: ) "Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!" (söylədik).

[2:61]

Xatırlayın ki, siz (müəyyən müddət səhrada qalmalı olduğunuz zaman): "Ya Musa! Biz (hər gün yediyimiz) eyni təama (qüdrət halvasından və bildirçin ətindən ibarət olan yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! - dediniz. (Musa da cavabında : ) "Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!" - demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu (cəza) onların Allahın ayələrini inkar etdiklərinə və (Zəkəriyya, Yəhya və Şüeyb kimi) peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına (Allahın əmrlərini pozduqlarına) görə idi.