[4:75]

(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): "Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!" - deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?

[4:76]

İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda Şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!

[4:77]

(Ya Rəsulum!) O şəxsləri görmürsənmi ki, onlara (vaxtilə): "(Müharibədən) əl çəkin, namaz qılın, zəkat verin!" - deyilmişdi. Onlara cihad etmək vacib olduqda isə, içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə insanlardan qorxuya düşərək: "Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər (öz əcəlimiz çatana qədər) yubandıraydın! (Daha bir müddət cihadı bizə vacib buyurmayaydın!)" - dedilər. Onlara söylə: "Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir. Sizə (müttəqilərə) xurma çərdəyində olan nazik tel qədər belə zülm olunmayacaq!"

[4:78]

Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Ya Rəlulum!) Onlara (yəhudilərə və münafiqlərə) bir xeyir yetişdikdə: "Bu Allahdandır!" - deyərlər, bir pislik üz verdikdə isə: "Bu səndəndir!" - söyləyərlər. (Onlara) de: "Hamısı Allahdandır". Bu camaata nə olub ki, az qala söz də anlamır!

[4:79]

(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. (Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər.