[4:80]
Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş
olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların
üzərində gözətçi olaraq göndərməmişik.
[4:81]
(Ya Rəsulum!) Onlar: (Sənə) itaət edirik!" - deyir, lakin sənin
yanından çıxıb getdikləri zaman
onların bir qismi dediyinin əksinə fikirləşir. Allah onların niyyətində olanları (əməl dəftərlərinə) yazır. Sən onlardan üz
çevir, Allaha təvəkkül et! Allahın (sənə) vəkil olması kifayət edər!
[4:82]
Onlar Qur'an barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.
[4:83]
Onlara (münafiqlərə bə'zi müsəlmanların
sadəlövhlüyü üzündən döyuş
meydanından) əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər (müsəlmanlar) bunu (münafiqlərə deyil), Peyğəmbərə və ya özlərindən (mö'minlərdən) olan ixtiyar (əmr) sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan (belə bir xəbərin yayılmasının məqsədəuyğun
olub-olmadığını tə'yin etməyə qadir olan) kimsələr bilərdilər. Əgər Allahın lütfü (mərhəməti) üzərinizdə olmasaydı,
şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla,
Şeytana uyardınız.
[4:84]
(Ya Rəsulum!) Allah yolunda vuruş (cihad et). Sən yalnız özünə cavabdehsən, lakin mö'minləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah kafirlərin gücünü
qırmış (sizi kafirlərin qəzəbindən saxlamış) olsun. Allahın qəzəbi (qəhri) də, əzabı da çox şiddətlidir!
[4:85]
Yaxşı işə vasitəçi olana (onun
savabından), pis işə vasitəçi olana (onun
günahından) bir pay düşür. Əlbəttə, Allah hər şeyə qadirdir. (Hər şeyin əvəzini verəndir).
[4:86]
Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın!
Şübhəsiz, Allah hər şeyi hesaba alandır.