[4:87]

Allahdan başqa heç bir tanrı yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü hamınızı (bir yerə), əlbəttə, O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!

[4:88]

Siz nə üçün münafiqlər barəsində iki hissəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərinə görə əvvəlki hallarına (kafirliyə) qaytarmışdır. Siz Allahın (öz istəyi, öz iradəsi ilə küfr edəcəyini, azğın yola düşəcəyini, haqq yoldan azacağını əzəldən bildiyi üçün) azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın sapdırdığı kimsə üçün heç bir (doğru) yol tapa bilməzsən!

[4:89]

Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özlərilə bərabər olmanızı istərlər. Onlar Allah yolunda (Məkkədən) hicrət etməyənə qədər onlardan (özünüzə) dost tutmayın! Əgər onlardan (tövhiddən və hicrət etməkdən) üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun!

[4:90]

Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmlərilə (Məkkə müşriklərilə) vuruşmaqdan ürəkləri sıxılaraq (xoşlanmayaraq) sizin yanınıza gələn şəxslər müstəsnadır. Əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz.

[4:91]

Siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istərlər. (Sizin yanınızda özlərini müsəlman kimi, qəbilələrinə qayıtdıqda isə kafir kimi aparırlar). Bunlar da hər dəfə fitnə-fəsad törətməyə sövq edildikdə başıaşağı ora atılarlar (cani-dildən bu işə qoşularlar). Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onda onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onların əleyhinə çıxmaq üçün sizə açıq fərman verdik.