[4:128]

Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Cünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah ediyiniz hər bir işdən xəbərdardır!

[4:129]

Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə hərəkətlərdən) çəkinsəniz (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

[4:130]

Əgər onlar (ər-arvad) bir-birindən ayrılacaq olsalar, Allah onların hər birini ?z geniş lütfü (kərəmi) ilə ehtiyacsız edər. Həqiqətən, Allah geniş lütf sahibi, hikmət sahibidir!

[4:131]

Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Ey müsəlmanlar!) Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, (yenə də) göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. Allah ehtiyacsızdır, (öz-özlüyündə) şükür olunmağa, (tə'rif olunmağa) layiqdir.

[4:132]

Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Təkcə Allahın vəkil olması kifayət edər.

[4:133]

Ey insanlar! Əgər O istərsə, sizi yox edər, (yerinizə) başqalarını gətirər. (İnsanları məhv edib əvəzində başqa bir məxluq yaradar). Allah buna qadirdir!

[4:134]

Hər kəs dünya savabını (mükafatını) istərsə, (bilməlidir ki) dünyanın da, axirətin də mükafatları Allahın yanındadır. Allah eşidəndir, görəndir!